Azərbaycan parlamenti “Dərman vasitələri haqqında” qanuna nəzarət holoqramları ilə dərman vasitələrinin markalanmasını nəzərdə tutan əlavələri müzakirə edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri düzəlişlərin müzakirə edildiyi Milli Məclisin Sosial siyasət komitəsinin iclasından məlumat verib.
“Bu tədbirlər dərman vasitələri istehsalçılarının hüquqlarının qorunmasına yönəlib. O cümlədən, dövriyyədə olan dərmanların təhlükəsizliyi, keyfiyyəti və səmərəliliyinə nəzarətə xidmət edəcək”, - deyə komitə sədri Hadı Rəcəbli bəyan edib.
Onun sözlərinə görə, dərman vasitələrin markalanması həmçinin saxta və keyfiyyətsiz məhsulların yayılmasının qarşısını alacaq.
Bundan başqa, parlament komitəsinin iclasında “Veteranlar haqqında”, “Əmək pensiyaları haqqında”, “Reklam haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə düzəlişlər müzakirə edilib. Bütün düzəlişlər müzakirələrin yekununda Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılıb.