Azərbaycan parlamenti, gözlənildiyi kimi, İnzibati Xətalar Məcəlləsinə sosial xidmətlər haqqında qanunvericilin pozulmasına görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan dəyişiklikləri qəbul edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
Bu məsələ bir gün öncə Milli Məclisin Sosial siyasət komitəsinin iclasında müzakirə edilib. Məcəllədə dəyişikliklərə əsasən, dövlət tərəfindən göstərilən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi, müəyyən edilməsi və qərar qəbul edilməsi üçün düzgün olmayan məlumatların verilməsinə görə - 50 manat, sosial xidmətin dayandırılmasına təsir göstərən dəyişikliklər barədə sosial xidmət göstərən subyektlərin məlumatlandırılmamasına görə - 50 manat, sosial xidmətə tələbatı olmayan şəxsin qanunsuz və ya əsassız olaraq dövlət tərəfindən sosial xidmətə götürülməsi və ya dövlət tərəfindən sosial xidmət göstərilməsi üçün əsaslar olduqda şəxsin sosial xidmətə götürülməsindən imtina edilməsinə görə vəzifəli şəxslər - 100 manat miqdarında cərimə ediləcək.
Sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina barədə qərar haqqında qanunla müəyyən olunmuş müddətdə müraciət edən şəxsə rəsmi məlumatın verilməməsi və ya sosial xidmətdən imtina barədə qərarda imtinanın səbəblərinin göstərilməməsinə görə isə vəzifəli şəxslər 100 manat miqdarında cərimə olunacaq.
Dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyyə olunub.