SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi cümə axşamı Gədəbəy rayonunun Şınıx və Kollu kəndlərinə ilk dəfə olaraq təbii qaz verib. Bu barədə İB-dən məlumat verilib.
Qaz təchizatı üçün ümumilikdə 171 abonenti olan iki kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 16,542 metr uzunluğunda müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 116 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Xəbər verildiyi kimi, SOCAR 2014-cü ilə qədər Azərbaycanda qazlaşdırmanın səviyyəsini 90%-dək çatdırmağı planlaşdırır.