Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Kolombo şəhərində keçirilən Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında (Şri-lanka) (Colombo International Theater Festival) çıxış edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə GTT-nin direktoru, ASSITEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, əməkdar artist Mübariz Həmidov məlumat verib.
Festival ASSITEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo şəhərində keçirilir. M.Həmidovun rəhbərlik etdiyi nümayəndə heyəti mart ayının 27-dən aprel ayının 4-ə kimi davam edəcək festivalda iştirak edəcək.
Festival çərçivəsində keçiriləcək beynəlxalq konfransda M.Həmidovun “Azərbaycan Teatrı – 140” mövzusunda çıxışı nəzərdə tutulub.
Teatrın yaradıcı heyəti Patrik Züskindin “Kontrabas” tamaşaçı ilə çıxış edəcək. Tamaşada respublikanın əməkdar artisti, “Qızıl Dərviş” mükafatı laureatı, prezident mükafatçısı Şövqi Hüseynov çıxış edəcək.
“Kontrabas” tamaşası İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən Beynəlxalq Teatr festivallarında yüksək mükafatlara layiq görülüb.