SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi cümə günü Qax rayonunun Almalı və Ağçay kəndlərinə ilk dəfə olaraq təbii qaz verib. Bu barədə İB-dən məlumat verilib.
395 abonenti olan Almalı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında uzunluğu 27,496 kilometr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 395 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
155 abonentlik Ağçay kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 10,660 kilometr uzunluğunda müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 155 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Xəbər verildiyi kimi, SOCAR 2014-cü ilə qədər Azərbaycanda qazlaşdırmanın səviyyəsini 90%-ə çatdırmağı planlaşdırır.