2013-cü ilin yanvar ayında Azərbaycanda sənaye istehsalının həcmi 3 mlrd. 6,7 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 0,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə qeyri-neft sektorunda sənaye məhsullarının istehsal həcminin artımı 2,3%, neft sənayesində azalma 0,4%-a bərabərdir
2013-cü ilin yanvar ayında məhsulun 75,9%-i mədənçıxarma bölməsində, 17,5%-i emal bölməsində, 6,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,4%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Yanvarda məhsul istehsalı mədənçıxarma bölməsində 1,8% artıb. Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 3,1% azalıb – 3,8 mln. tona qədər, qaz hasilatı 4,7% - 1,5 mlrd. kubmetrə qədər azalıb.
Cari ilin yanvar ayında emal sahəsində məhsul istehsalı 13,8% artıb. Bununla yanaşı, yanvar ayında qida məhsulları istehsalı - 0,9%, tütün məhsulları - 54,7%, tekstil məhsulları – 6%, dəri və dəri məhsulları – 2,7 dəfə, poliqrafiya məhsulları – 78,6%, neft məhsulları – 22,8%, kimya məhsulları – 12,4%, əczaçılıq məhsulları – 57,3% artıb.
Rezin və plastik məmulatlar istehsalı - 45,6%, tikinti materialları istehsalı – 56,7%, metallurgiya sənayesi məhsulları istehsalı– 61,6%, kompyuter və digər elektron avadanlıq – 2,3 dəfə, elektrik avadanlıqları istehsalı – 55%, avtomobil və qoşma vaqonların – 28,4%, digər nəqliyyat vasitələrin – 46,6%, mebelin – 2,9 dəfə, zərgərlik, musiqi, tibbi və idman avadanlığının – 45% artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində artım 2,8% təşkil edib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsalın həcmi 1,6% azalıb.