AİB-nin Rəhbərlər Şurasının illik toplantısı 3-5 may 2015-ci il tarixində Azərbaycanda keçiriləcək. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, Azərbaycanın maliyyə naziri Samir Şərifov və AİB prezidenti Haruhiko Kuroda Filippin Respublikasının paytaxtı Manila şəhərində Azərbaycan Respublikası hökuməti və Asiya İnkişaf Bankı arasında 3-5 may 2015-ci il tarixində Bakı şəhərində AİB-nin Rəhbərlər Şurasının illik toplantısının keçirilməsinə dair Anlaşma Memorandumu imzalayıblar.
Bakıda keçiriləcək iclasda 4 mindən artıq qonağın iştirakı gözlənilir.
S.Şərifov AİB prezidenti ilə görüşdə Azərbaycanda cari iqtisadi vəziyyət barədə məlumat verib.
Bundan başqa, AİB rəhbərləri ilə görüşlərdə bankın Azərbaycanda maliyyələşdirdiyi nəqliyyat, enerji, infrastruktur, su-kanalizasiya təchizatı və digər layihələrinin icra vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri, qarşılıqlı təcrübə mübadiləsi, habelə özəl sektorda layihələrin maliyyələşdirilməsinin icra vəziyyəti, regional inkişaf və digər məsələlər barədə müzakirələr aparılıb.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bankın Azərbaycanda energetika, nəqliyyat, ASK, mənzil-kommunal təsərrüfatı, özəl sektorun inkişafı sahəsində layihələrə dair kredit portfeli təxminən $900 mln. təşkil edir.
Biznes-plana əsasən, 2012-ci ildə bankın Azərbaycanda kreditləşmə həcmi $250 mln., 2013-cü ildə - $155 mln. və 2014-cü ildə - $170 mln. təşkil edəcək.
Bundan başqa, bu üç illik dövr ərzində bank Azərbaycana $3,25 mln. məbləğində texiki yardım göstərməyi planlaşdırır.