2012-ci ildə Azərbaycanın dövlət büdcəsinin profisiti 176 mln. manat və ya ÜDM-nin 0,3% -ni təşkil edib.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
“2012-ci ildə dövlət büdcəsinin gəlirləri 17 mlrd. 281,6 mln. manat, xərcləri 17 mlrd. 105,6 mln. manat təşkil edib”,- deyə nazirliyin nümayəndəsi qedy edib.
2011-ci illə müqayisədə büdcə gəlirləri 10,1%, xərcləri 11,1% artıb.
Büdcə gəlirlərinin strukturunda gəlirlərin 13%-i mənfəət vergisi, 13,7%-i ƏDV, 3,1%-i aksizlər, 4,7%-i fiziki şəxslərin gəlir vergisi, qalanı digər vergi və gəlirlər üzrə təmin edilib.
Büdcə xərclərinin strukturunda 6 mlrd. 960,7 mln. manat və ya 40,7% iqtisadiyyatın inkişafına , 1 mlrd. 710 mln. manat və ya 10% sosial müdafiə və sosial təminat, 1 mlrd.312,1 mln. manat və ya 7,7% təhsil sahəsinin, 567,8 mln. manat və ya 3,3% səhiyyənin maliyyələşdirilməsinə yönəldilib.Qalanını digər xərclər təşkil edir.
Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsi 17 mlrd. 38 mln. manat həcmində gəlir, 17 mlrd. 672 mln. manat həcmində xərclə təsdiqlənib.Dövlət büdcəsinin kəsiri 634 mln. manat və ya ÜDM-nin təxminən 1,3%-i səviyyəsində proqnozlaşdırılıb.