ABŞ Dövlət Departamenti dövlət katibi Con Kerrinin nəzərdə tutulmuş xarici səfərlər qrafikini elə razılaşdırmağa çalışır ki, Rusiya XİN başçısı Serqey Lavrov ilə görüş keçirə bilsin. Bu barədə idarənin rəsmi nümayəndəsi Viktoriya Nuland bəyan edib.
“Biz qeyd etmişik ki, xarici işlər naziri Lavrov və dövlət katibi Kerri yaxın zamanda görüşmək imkanı əldə etməyi gözləyirlər. Bunun C.Kerrinin səfəri zamanı dayanacağı yerlərdən birində baş tutacağı mümkündür. Lakin biz hələ ki qrafikləri uyğunlaşdırmağa çalışırıq”, - deyə o Dövlət Departamentində brifinqdə bildirib.
Xəbər verildiyi kimi, ABŞ dövlət katibi vəzifəyə keçəndən sonra ilk xarici səyahəti çərçivəsində yaxın zamanda Avropa və Yaxın Şərq ölkələrinə rəsmi səfər edəcək.
Öncə S.Lavrov və C.Kerri telefon danışığı zamanı ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər.
“Yaxın zamanda hardasa görüşmək barədə razılığa gəlmişik”, - deyə S.Lavrov Brüsseldə jurnalistlərə bildirib.
Eyni zamanda V.Nuland görüşün Amerikanın dövlət katibinin Romada olduğu zaman Suriya müxalifəti ilə görüşü çərçivəsində keçiriləcəyinə əmin olmadığını bildirib.
“Məlumdur ki, biz Rusiyaya bu cür görüşlərdə iştirak etməyi təklif etdik, lakin o imtina etdi. Düşünmürəm ki, onların bu cür görüşlərə (müxalifətlə - İF) dair mövqeyi dəyişilib”, - deyə o əlavə edib.