Milli Məclisin Sosial siyasət komitəsi çərşənbə günü “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklikləri müzakirə edib.
“Qeyd olunan qanuna dəyişikliklər yeyinti məhsullarının, xüsusilə duz, un, süd və şəkərin mikronutriyentlərlə zənginləşdirilməsini və əhalinin sağlamlığının möhkəmləndirilməsi və xəstəliklərin profilaktikası məqsədilə müvafiq normativ hüquqi aktların hazırlanmasını nəzərdə tutur”, - deyə komitə sədri Hadı Rəcəbli iclasda bildirib.
Onun sözlərinə qeyd edilən tədbirlərin məqsədi ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyinin təmin edilməsidir.
“Tədbirlərin reallaşdırılması zamanı insan sağlamlığının təminatı üçün hansı komponentlərin və nə qədər miqdarda çatışmadığı müəyyən ediləcək. Bu addımlar immunitetin möhkəmlənməsi və orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətinin artırılması məqsədilə tətbiq ediləcək”, - deyə H.Rəcəbli qeyd edib.
Komitə sədrinin sözlərinə görə, araşdırmalar aparıldıqca ərzaq məhsullarının zənginləş.dirilməsi üçün zəruri doza müəyyən ediləcək.
“Bu o dərəcədə hiss edilməyən dozadır ki, nə rəng, nə dad, nə də ərzaq məhsullarının iyinə təsir etməyəcək. Onu heç kim hiss etməyəcək, lakin insan orqanizminə müsbət təsit göstərəcək”, - deyə o vurğulayıb.
Nümunə olaraq H.Rəcəbli bir neçə il öncə parlament tərəfindən “Yodlaşdırılmış duz haqqında” qanunun qəbul edilməsini qeyd edib.
“Bu istiqmətdə həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda zob xəstəliyinin səviyyəsi iki dəfə azalıb”, - deyə o vurğulayıb.
Milli Məclisin Sosial siyasət komitəsinin iclasında iştirak edən UNİCEF-in nümayəndəsi Rəşid Mustafa da əsas ərzaq məhsullarının mikronutriyentlərlə zənginləşdirilməsinin vacibliyini qeyd edib.