Əhaliyə pensiya verilən zaman səyyar bankomatlardan istifadə az effektivdir. DSMF sədri Səlim Müslümov belə hesab edir.
“Məlumdur ki, “AtaBank” iki bu cür bankomatdan istifadə edir. Bundan başqa, Beynəlxalq Bank (ABB) dağlıq rayonlarında əhaliyə pensiyaların verilməsi üçün istifadə olunacaq üç analoji bankomat almağı planlaşdırır. Lakin, hesab edirəm ki, səyyar bankomatlardan istifadə az effektiv olacaq. Çünki biz pensiyaların verilməsi zamanı insan faktorunu aradan qaldıra bilməyəcəyik və manipulyasiyalar üçün şərait yaranacaq”, - deyə S.Müslümov “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
Onun sözlərinə görə, DSMF fondun pensiyaların verilməsi üzrə agent-banklar tərəfindən stasionar bankomatların artırılması mövqeyini dəstəklıəyir və bu istiqamətdə banklarla müəyyən iş aparılır.
“2012-ci ildə fondun agent-bankları pensiyaçılarə xidəmət prosesinin asanlaşdırılması məqsədilə 22 yeni bankomat quraşdırıblar. Onlardan 6 bankomat – şəhərlərdə, 16 – kənd yerlərində quraşdırılıb. 2013-cü ildə bu istiqamətdə işlər davam etdiriləcək”, - deyə o əlavə edib.
Hazırda DSMF-nin əhaliyə pensiya verilməsi üzrə agentləri ABB və “Kapital Bank”-dır.