Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara müraciət edib.
“Üzümü bir daha dünya ölkələrinin dövlət başçılarına, parlamentlərinə, xalqlarına və beynəlxalq təşkilatlara tutaraq, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial hüquqi qiymət verməyə, Xocalı müsibətini insanlığa qarşı soyqırımı aktı kimi tanımağa çağırıram”, - deyə A.Paşazadənin cümə axşamı yaydığı müraciətində bildirilir.
Müraciətdə QMİ sədri azərbaycanlılara qarşı etnik təmizləmədə günahkar olan serməni separatçılığının liderlərinin, o cümlədən Xocalı soyqırımında günahkar şəxslər indiyədək məsuliyyətə cəlb olunmadığına görə təəssüf hissi keçirdiyini qeyd edib.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan - 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.