Azərbaycanın ümummili lideri Heydər Əliyev konkret geosiyasi və tarixi şərtlərə uyğun olaraq respublikanın xarici siyasətinin əsas istiqamətlərini müəyyən edib. Prezident Administrasiyasının (PA) xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov belə söyləyib.
“H.Əliyev qarşısında duran məsələlərin həlli zamanı siyasi- diplomatik üsullara üstünlük verirdi. O hətta, ölkə üçün ən ağır anlarda belə, danışıqlar və diplomatiya yolunu seçirdi”,- deyə N.Məmmədov cümə axşamı H.Əliyevin 90 illiyinə həsr olunmuş konfransda bildirib.
“O bununla ilk növbədə müxtəlif ictimai təbəqələrin maraqlarını nəzərə alaraq cəmiyyətdə siyasi qarşıdurmanın aktivləşməsinə yol vermirdi; ikincisi, xarici düşmənlərin bundan istifadə etməsinin qarşısını alırdı; üçüncüsü, siyasi səhnədə Azərbaycanın diplomatiya mədəniyyətini gücləndirdi; dördüncüsü, yeni siyasətçilər nəslinə örnək oldu”,- deyə o vurğulayıb.
N.Məmmədovun sözlərinə görə H.Əliyev Azərbaycanın xarici siyasət kursuna yeni məzmun vermək və müasir səviyyəyə qaldırmaqla onu faktiki olaraq sistemləşdirib.
N.Məmmədov qedy edib ki, H.Əliyevə məxsus güclü iradə və rəhbərlik istedadı Azərbaycanın müstəqillik və suverenliyinə beynəlxalq ictimaiyyət tərəfindən dəstək verilməsində həlledici rol oynayıb.O söyləyib: “Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli bu gün Azərbaycanın xarici siyasət kursunun əsas tərkib hissəsini təşkil edir”.