Milli Məclisin cümə günü keçirilən növbəti plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanuna düzəlişlər təsdiq edilib.Düzəlişlər dini ədəbiyyat, audio və videomaterialların, dini məzmunlu məhsulların yayılmasına müəyyən məhdudiyyətlər qoyulamsını nəzərdə tutur.
Milli Məclisin spikeri Oqtay Əsədov qeyd edib ki, bu məhdudiyyətlər Azərbaycan ərazisinə təxribat xarakterli dini ədəbiyyat gətirilməsinin qarşısını almaq məqsədi daşıyır.
“Biz dinimizə qarşı çıxış etmirik, din bizim kökümüzdür.Məqsədimiz təxribatçı dairələrə qarşı çıxmaqdır.Bu dəyişikliklər ondan ötrü edilir ki, təxribatçı qüvvələrin öz təbliğatlarını ölkəmizə gətirmək imkanı olmasın”,- deyə o qeyd edib.
“Etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişkiliyə əsasən, bundan sonra vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış yuxarıda qeyd olunan materialları əldə edə və onlardan istifadə edə bilərlər.
Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həmin materialları istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər.
Eyni zamanda nəzarət markası ilə markalanmış qeyd olunan materialların satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir.
Deputat İlham Əliyev düzəlişlərə münasibət bildirərək söyləyib ki,bu qanun uzun saqqallı qısa şalvarlı müxtəlif dini elementləri cəmiyyətdən uzaq tutmağa imkan verəcək. “Mən düzəlişləri dəstəkləyirəm.Biz saqqalı sinəsinə düşən qısa şalvarlıları cəmiyyətdən təcrid etməyə çalışmalıyıq.Axşamlar onları bulvarda görəndə xarici görünüşləri ikrah hissi yaradır”,- deyə o əlavə edib.