Milli Məclisin cümə günü keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi barədə” qanun layihəsi təsdiq edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin xəbər verdiyi kimi, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sözü gedən sənədi Azərbaycanın beynəlxalq münasibətlərinin genişlənməsi və yürütdüyü siyasət nöqteyi- nəzərindən vacib hesab etdiyini bildirib.
“Hazırda 30 ölkənin diplomatik xə xüsusi xidmət pasportlarının sahibləri Azərbaycanla vizasız rejimə malikdirlər”,- deyə o qeyd edib.Onun sözlərinə görə, vizasız rejimin tətbiq edilməsi BƏƏ ilə münasibətlərin yeni mərhələyə qədəm qoymasına təkan verəcək.
Həmin gün deputatlar Argentina ilə vergi informasiyası mübadiləsi haqında sazişi də ratifikasiya ediblər.
Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə söyləyib ki, bu saziş vergidən yayınma hallarınınaşakarlanması üçün səmərəli tədbirlər görülməsini nəzərdə tutur.
“Son vaxtlar Azərbaycan və Argentina arasındakı iqtisadi münasibətlər uğurla inkişafg edir və bu saziş iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsinə xidmət edəcək”,- deyə o qeyd edib.
Bundan başqa, Milli Məclis İspaniya ilə mədəniyyət, təhsil, elm sahələrində əməkdaşlığa dair sazişi də təsdiq edib.