SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) Ekologiya İdarəsi və “ConocoPhillips Exploration Azerbaijan Ltd” şirkəti Tədqiqatın Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi (ƏMTQ) üzrə ictimai dinləmələr keçirəcək. Bu barədə SOCAR-ın məlumatında bildirilir.
Tədqiqatın Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi (ƏMTQ) Azərbaycanda Quruda İki Ölçülü (2D) Seysmik İşlər üzrə Birgə layihəsi çərçivəsində hazırlanıb. Hesabatda ətraf mühitin ilkin vəziyyəti, sosial-iqtisadi mühit, ətraf mühitə mümkün potensial təsirlər və yumşaltma tədbirləri əksini tapıb.
İctimai dinləmələr fevralın 27-də Şəki, fevralın 28-də Qəbələ, martın 1-də isə Şamaxı şəhərində keçiriləcək.
SOCAR və “ConocoPhillips Exploration Azerbaijan Ltd” 2011-ci ilin iyulunda “Azərbaycan Respublikası ərazisində quruda kəşfiyyatqabağı fəaliyyətə dair birgə tədqiqat Sazişi” imzalayıb.
Layihənin məqsədi - neft-qazlılıq baxımından yeni perspektiv strukturların aşkarlanması və gələcək axtarış-kəşfiyyat işlərinin perspektiv istiqamətlərinin müəyyən olunmasına, həmçinin regionların sosial-iqtisadi inkişafına köməklik göstərməkdir.