SOCAR şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) ötən cümə günü Tiflisdə iki qazdoldurma stansiyası istifadəyə verib. Bu barədə SOCAR-dan məlumat verib.
“Son illər ərzində Gürcüstan əhalisinin avtomobil qazına tələbatı və ölkədə Avropa standartlarına uyğun, yüksək keyfiyyətli xidmət təklif edən təhlükəsiz qazdoldurma stansiyalarına ehtiyac kəskin artıb. 2012-ci ilin ikinci yarısından bu bazara inamla daxil olmuş SOCAR ötən cümə günü daha iki qazdoldurma stansiyasını istismara verib", - deyə məlumatda qeyd edilib.
Stansiyalar Tiflisin Kaxetiya şossesində və Quramişvili küçəsində açılıb, qazdoldurma stansiyaları “Galileo” şirkətinin istehsalı olan son nəsil kompressor avadanlıqları ilə təchiz olunub. Bu avadanlıqlar qazın tez və təhlükəsiz şəraitdə doldurulmasını təmin edir.
SOCAR 2006-cı ildən Gürcüstanda neft məhsullarının pərakəndə ticarət bazarında fəaliyyət göstərir. Hazırda şirkət Gürcüstanda “SOCAR” brendi altında 102 yanacaqdoldurma məntəqəsi açıb.