ARDNŞ-ın (SOCAR)“Elm Fondu” elmi-tədqiqat layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi üzrə 2013-cü il üçün müsabiqənin elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMRA-dan məlumat verilib.
Fondun məqsədi - dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini və digər elmi tədbirləri dəstəkləmək, neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaqdır.
Elm Fonduna təqdim olunan layihələr aşağıdakı elm sahələrinə aid olmalıdır:
Böyük dərinliklərdə karbohidrogen yataqlarının axtarış perspektivləri və tətqiqi;
Karbohidrogen resurslarının mənimsənilməsində kompleks kompyuter proqramlarının və 3D geoloji-hidrodinamik modellərin yaradılması;
İntellektual informasiya texnologiyalarının tətbiqi ilə insan resurslarının səmərəli istifadə olunması problemlərinin həlli mexanizmlərinin işlənilməsi;
Neft-qaz çıxarma, neft emalı sənayeləri, hərbi sənaye və kənd təsərrüfatı üçün kimya məhsullarının, xüsusi təyinatlı yağların, yüksək keyfiyyətli yanacaq komponentlərin yaradılması;
Neft-qaz hasilatının optimallaşdırılmasında iqtisadi baxımdan səmərəli metodların istifadəsi, kompyuter proqram təminatlarının və informasiya texnologiyalarının nailiyyətlərinin tətbiqi;
Qeyri-ənənəvi enerji növlərinin səmərəli istifadəsi imkanlarının araşdırılması. Şist qazı və qaz-hidrat alternativ enerji mənbələrinin axtarış perspektivləri.
Sona çatdırılmış ən yaxşı elmi-tədqiqat işləri müəlliflərinin “həvəsləndirici mükafatla” qiymətləndirilməsi, planlaşdırılan ən yaxşı elmi-tədqiqat layihələrinin yerinə yetirilməsi üçün maliyyələşdirilmə, xüsusi layihələrdən ən yaxşısının yerinə yetirilməsi üçün maliyyələşdirilməsi nəzərdə tutlur. “Həvəsləndirici mükafat” yuxarıda sadalanan prioritet istiqamətlərin hər biri üzrə yaxın 1 ildə tamamlanmış, əhəmiyyətli işlərin müəlliflərini həvəsləndirmək üçün verilir.
Birincin yer üçün - 10 min manat, ikinci yer üçün hərəsi - 5 min manat məbləğində iki mükafat, üçüncü yer üçün hərəsi - 3 min manat məbləğində üç mükafat nəzərdə tutlub.
Müsabiqədə AMEA-nın əməkdaşları və onlarla həmmüəllif olan şəxslər iştirak edə bilər. Müsabiqədə iştirak etmək üçün ərizələr martın 1-dən aprelin 30-dək qəbul edilir. Müsabiqənin nəticələri sentyabrın 20-də açıqlanacaq.