Ağ Ev administrasiyasının Azərbaycan ərazisinin bir hissəsinin işğalı və Xocalı soyqrımın tanınmasının dəstəklənməsinə yönəlmiş petisiyaya verdiyi cavab bunu deməyə əsas verir ki, Vaşinqton regiondakı vəziyyəti düzgün qiymətləndirmir.Azərbaycan Prezidenti yanında Starateji Araşdırmalar Mərkəzinin (SAM) eksperti Rövşən İbrahiomov belə hesab edir.
“Obama administrasiyası petisiyaya lazımı diqqəti yetirmədi, yalnız hər dəfə işlətdiyi hazır ifadəni səsləndirməklə kifayətləndi.Adekvat reaksiya verilmədi, bu da yəqin ki, real vəziyyətin düzgün qiymətləndirilməməsindən irəli gəlir”,- deyə o “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Bununla yanaşı, R.İbrahimov söyləyib ki, ictimaiyyətin bir araya gəlməsi və petisiyaya diqqət çəkmək üçün yetərli sayda imzanın toplanması əhəmiyyətli xarakter daşıyır. “ Azərbaycan və bütün dünyada yaşayan həmvətənlərimiz, eləcə də bu hadisələrə laqeyd qalmayanlar Xocalıda insanlığa qarşı yönəlmiş vəhşi cinayətə qarşı öz mövqelərini bəyan etdilər.Bu bir daha sübut edir ki, Azərbaycan gələcəkdə bu cür cinayətlərin təkrarlanmamasında qərarlıdır və dünyanın ən nüfuzlu dövlətindən buna reaksiya verməyi tələb edir.Obama administrasiyasının cavcabı vacibdir. Bu toplanan səslərin əhəmiyyətini təsdiq edir və beynəlxalq ictimaiyyətin Xocalı faciəsini qəbul etməsinə xidmət edir”.
“Hər halda, ümumi səylərimizin boşa getdiyini düşünmək lazım deyil.Bu təşəbbüs ictimaiyyətin ümumi məqsəd naminə birləşmək imkanını təsdiq etdi və hamı bununla hesablaşmalıdır”,- deyə o vurğulayıb.
Ağ Evin rəsmi saytında Dağlıq Qarabağla bağlı petisiyaya cavab verilib.Qeyd edək ki, bu petisiyanı dəstəkləmək üçün 105 min səs toplanıb.
Saytda verilən cavabda deyilir ki, Ağ Ev bu münaqişə ilə bağlı prezidentin adından bəyanat verməyəcək ( baxmayaraq ki, petisiyanı dəstəkləmək üçün 100 min səs kifayət edirdi-İfAz), “Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında baş vermiş müharibə nətiəsində faciəli itkilərə dərindən təəssüfləndiyini bildirir”.
“Bu bir daha xatırladır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur.Yalnız uzunmüddətli sülh sazişi regiona sabitlik, çiçəklənmə gətirə bilər. ABŞ Minsk Qrupunun həmsədri kimi, münaqişə tərəfləri ilə bu istiqamətdə işləməyə davam edəcək”, - deyə Ağ Evin cavabında qeyd olunur.