Xorvatiya şirkətləri Azərbaycan iş adamları ilə işgüzar əməkdaşlığın qurulmasında maraqlıdır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) saytında yerləşdirilmiş məlumatda qeyd edilir.
Dərman preparatlarının istehsalı ilə məşğul olan "Belupo" şirkəti Azərbaycanda tərəfdaşlar axtarır.
Bundan başqa, illik dövriyyəsi 200 mln. avro olan "Medical Intertrade" əczaçılıq şirkəti dərman, tibbi avadanlıq və digər məhsulların tədarükü məsələlərində Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməyə hazırdır.
Cənub-Şərqi Avropanın aparıcı siqaret istehsalçısı olan və illik istehsal həcmi 13 mlrd. siqaret təşkil edən "TDR" şirkəti də Azərbaycanda tərəfdaşlar axtarır.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.