İqtisadi İnkişaf Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə özəl sektor nümayəndələri ilə görüş keçirilib. Bu barədə nazirliyin məlumatında deyilir.
Tərəflər İlham Əliyevin sədrliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı tərəfindən müəyyən edilmiş məsələləri müzakirə ediblər.
İqtisadi inkişaf naziri Şahin Mustafayev ölkənin bölgələrinin, eləcə də sənaye şəhəri olan Mingəçevirin mövcud potensialından daha səmərəli istifadə edilməsinin vacibliyini diqqətə çatdırıb.
Nazir qeyd edib ki, tədbirin məqsədi Mingəçevirin sosial-iqtisadi inkişaf imkanlarının araşdırılmasıdır.
Görüş iştirakçıları iqtisadi sahələrin inkişafı perspektivlərini, qabaqcıl texnologiyaları tətbiq etməklə mövcud müəssisələrdə istehsalın genişləndirilməsi, rəqabətqabiliyyətli məhsul istehsal edən müasir müəssisələrin yaradılmasının təşviqi, sənaye parklarının yaradılması imkanları, yeni bazarlara çıxışın təmin olunması məsələlərini müzakirə ediblər.