Çərşənbə günü Parisdə azərbaycanlı fəalların vəhşicəsinə döyülməsi ilə əlaqədar “İrəli” İctimai Birliyi Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə təşkilatdan məlumat verilib.
Aksiyada 20-yə yaxın şəxs iştirak edib.
“İrəli”nin rəhbəri Rauf Mərdiyev qeyd edib ki, bu insident faşizm, ksenofobiya və irqçilik kimi qiymətləndirilir. “Dünya ictimaiyyəti bununla əlaqədar susmamalıdır”, - deyə R..Mərdiyev Fransa hökumətinin susmasını tənqid edərək bildirib.
O həmçinin qeyd dib ki, “İrəli” hadisələri diqqətlə izləyir və Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynovun hüquqlarının müdafiəsi üzrə zəruri tədbirləri həyata keçirəcək.
Bundan başqa, hərəkat nümayəndələri bu insidentlə bağlı Fransa səfirliyinə bəyanat təqdim ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verilən məlumata görə, fevralın 26-da Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynovun vəhşicəsinə döyülməsində Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşenbloun və erməni diasporunun üzvləri iştirak ediblər.
İnsident Fransadakı erməni diasporunun təşkilatçılığı və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Azərbaycan diasporu nümayəndələri də iştirak edərək bu gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırdıqları zaman baş verib. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olub və iştirakçılar Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə hücum edərək onları vəhşicəsinə döyüblər.
Son hadisələrlə əlaqədar çərşənbə günü Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası yönəldib.