Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Raca əl Mərzuqinin başçılıq etdiyi BVF missiyası ilə 2013-cü ilə pul-kredit siyasəti və makroiqtisadi proqnozlar məsələlərini müzakirə edib. Bu barədə AMB-dən məlumat verilib.
“Görüşdə 2012-ci ilin yekunları üzrə Azərbaycanda iqtisadi vəziyyət, 2013-cü ilə makroiqtisadi proqnozlar, Azərbaycanın bank sektorunda vəziyyət, ölkənin maliyyə sektorunun ikinci qiymətləndirilməsinin (FSAP) keçirilməsinə hazırləıq məsələləri müzakirə edilib”, - deyə məlumatda qeyd olunub.
BVF missiyası həmçinin pul siyasəti va Azərbaycanın bank sektorunun inkişafı məsələrinin müzakirəsi üçün AMB-nin müxtəlif strukturları ilə görüşlər keçirməyi planlaşdırır.
Xəbər verildiyi kimi, Raca əl Mərzuqinin (BVF-nun Azərbaycan üzrə missiyasının rəhbəri) başçılıq etdiyi missiya çərşənbə günü Bakıda işinə başlayıb. Missiyanın məqsədi fondun nizamnaməsinin IV maddəsi üzrə Azərbaycan iqtisadiyyatının icmalını aparmaqdır.
BVF missiyası Bakıda işini martın 12-də başa çatdıracaq.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. 2006-cı ildən Azərbaycan hökuməti BVF-dan alınmalar həyata keçirmir və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində aparılır.
Ümumilikdə, əməkdaşlıq dövrü ərzində Azərbaycan BVF ilə iqtisadi islahatların keçirilməsində əməkdaşlıq üzrə 6 müxtəlif proqramların reallaşmasına $577,3 mln. ümumi məbləğdə kredit cəlb edib. Azərbaycan hökümətinin Beynəlxalq Valyuta Fondundan aldığı kredit üzrə borcları 2012-ci il yanvarın 1-nə $28,8 mln. təşkil edir.