Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) bir sıra normativ sənədləri təsdiq edib. Bu barədə QKDK-nin məlumatında qeyd edilir.
Xüsusilə, QKDK “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydaları təsdiq edib. “Bu sənəd aparıcı beynəlxalq standartlar tələblərinə uyğun olaraq hazırlanıb. Yeni tələblər qiymətli kağızlar bazarında peşəkar iştirakçılarının maliyyə dayanıqlılığının və idarəetmə sistemlərinin mütəmadi olaraq qiymətləndirilməsinə, müəyyən edilmiş risklərin azaldılması məqsədilə preventiv tədbirlərin görülməsinə imkan verəcək”, - deyə məlumatda qeyd edilir.
Bundan başqa, QKDK ilə “Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi” Qaydaları təsdiq edib. Bu sənəd brokerlərin fəaliyyətini tənzimləyir və onlar tərəfindən müştərilərin məlumatlandırılmasına, tapşırıqlarının icra edilməsinə, aktivlərinin geri qaytarılmasına, habelə broker və müştəri arasında bağlanılmış müqaviləyə dair tələbləri müəyyən edir.
Məlumatda qeyd olunur ki, hər iki sənəd Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.