Prezident İlham Əliyev cümə axşamı Qəbələ rayonuna səfəri çərçivəsində Bum qəsəbəsində atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Kluba baş çəkən İ.Əliyev idman silahı ilə uçan hədəflərə bir neçə sərrast atəş açıb.
Prezidentə məlumat verilib ki, klubda azərbaycanlı olimpiyaçıların hazırlaşması üçün şərait yaradılacaq. Bundan başqa, dövlət başçısı idman-ovçuluq ləvazimatı mağazası ilə tanış olub.
Həmin gün dövlət başçısı köhnə mədəniyyət evinin yerində “Ağ royal” formasında tikilmiş Qəbələ Mədəniyyət Mərkəzinin, eləcə də eyni vaxtda 600 nəfərin ibadət edə biləcəyi yeni məscidin açılışında iştirak edib.
İ.Əliyev, həmçinin Qəbələ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Şəhər sakinləri rayonda yaradılmış əlverişli şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.