Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ - Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇQ) yataqlar blokunun işlənməsi üzrə operator) 2012-ci ildə xərcləri 2011-ci il ilə müqayisədə 23,3% - $3 mlrd. 220 mln.-a qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“2012-ci ildə ABƏŞ-in AÇQ layihəsi üzrə xərcləri $3 mlrd. 220 mln. təşkil edib. Bunun $725 mln.u - istismar xərcləri, $2 mlrd. 495 mln.-u - əsaslı xərclər təşkil edib”, - mətbuat xidmətindən qeyd edilib.
Bununla yanaşı, 2013-cü ilə şirkət 2012-ci ilin göstəricisi ilə müqayisədə xərclərin 1,6% - $3 mlrd. 272 mln. –a qədər artmasını planlaşdırır. Bunun $758 mln.u - istismar xərcləri, $2 mlrd. 514 mln.-u - əsaslı xərclər təşkil edəcək.
Şirkətin məlumatına görə, 2012-ci ildə Azəri, Çıraq və Günəşli yatağlarından 32,9 mln. ton neft hasil edilib, bu isə 2011-ci ilin göstəricisindən 7,1% azdır.
2012-ci ildə orta sutkalıq neft hasilatı sutkada 664,4 min barel təşkil edib. “Çıraq” platformasından sutkada – 74,44 min barel, “Mərkəzi Azəri”dən -158,43 min, “Qərbi Azəri” – 190,54 min, “Şərqi Azəri” -134 min, “Dərin sulu Günəşli”də - 107 min hasil edilib.
“Azəri-Çıraq” yataqlarının və “Günəşli” yatağının dərin sulu hissəsinin işlənməsinə dair müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Hazırda layihənin iştirakçıları: “BP” (Böyük Britaniya - 34,1367% - operator), Amerikanın “Chevron” (10,2814%), “ExxonMobil” (8,0006%), “Devon Energy” (5,6262%) və “Amerada Hess” (2,7213%) şirkətləri, ARDNŞ (10%), Yaponiyanın “Inрex Corр.” (10%) və “ITOCHU Oil” (3,9205%) “Statoil” ( Norveç 8,5633%) və “TPAO” (Türkiyə 6,75%) şirkətlərdir.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağından 2005-ci ilin fevralından, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktybarın 31-dən həyata keçirilir. 2008-ci ilin aprelindən isə “Günəşli” yatağıın dərin sulu hissəsində hasilat aparılır.