“BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 7,73 mlrd. kubmetr qaz hasil edib, bu isə 2011-ci ilin göstəricisindən 15,8% çoxdur. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətdən məlumat verilib.
“2012-ci ildə “Şahdəniz” yatağından 7,73 mlrd. kubmetr qaz və 2 mln. ton kondensat hasil edilib. Hasilatın orta sutkalıq həcmi 21,1 mln. kubmetr qaz və 44,1 min barrel kondensat təşkil edib”, - deyə şirkətdən qeyd edilib.
İstismar dövrü ərzində 2006-cı ildən 2013-cü ilin əvvəlinə qədər yataqdan 37,6 mlrd. kubmetr qaz və 10,1 mln. ton kondensat hasil edilib.
Şirkətin məlumatına görə, 2012-ci ildə “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $1 mlrd. 368 mln. təşkil edib (2011-ci ilin göstəricisindən 58% artıq), bunun $269 mln.–u - istismar xərcləri, $1 mlrd. 99 mln.-u - əsaslı xərclər təşkil edib.
2013-cü ilə şirkətin layihə üzrə xərcləri $2 mlrd. 882 mln. həcmində planlaşdırılır (2012-ci il ilə müqayisədə artım – 2,1 dəfə), bunun $222 mln.–u - istismar xərcləri, $2 mlrd. 660 mln.-u - əsaslı xərclər təşkil edəcək.
2012-ci ildə Cənubi Qafqaz Boru Kəməri mağıstralı (CQBK və ya Bakı-Tiflis-Ərzurum – İF) sutkada nəql orta hesabla 11,1 mln. kubmetr qaz təşkil edib.
Ötən il CQBK-nin xidmətinə xərclər $11 mln. təşkil edib. 2013-cü ildə $13 mln. məbləğində planlaşdırılır.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları: BP (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), “NICO” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir.
Yatağın işlənməsi üzrə “Mərhələ-1” 178 mlrd. kubmetr qazın və 34 mln. ton kondensatın hasilatını nəzərdə tutur.
“Mərhələ-1” çərçivəsində Türkiyə, Azərbaycan və Gürcüstan arasında qaz satışına dair saziş imzalanıb. Azərbaycan qazının Türkiyəyə ixracı üçün 690 km uzunluğunda (442 km Azərbaycan, 248 km Gürcüstan ərazisində) Cənubi Qafqaz qaz kəməri inşa edilib.