Liviya İnsan Hüquqları Fondu Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bəyanatda 1992-ci il fevralın 26-da Xocalı şəhərində Azərbaycan əhalisinə qarşı erməni silahlı qüvvələri tərəfindən törədilmiş amansız cinayət əməli pislənilir.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. Qadınlar, qocalar, əlillər, uşaqlar vəhşicəsinə öldürülüb. İndiyədək görünməmiş qəddarlıq nəticəsində adları məlum olan 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.