Qarabağ münaqişəsində status-kvonun saxlanması qeyri-məqbuldur və regionun təhlükəsizliyinə və sabitliyinə ciddi təhlükə törədir. Bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Santa Fe Beynəlxalq Münasibətlər Şurasının üzvləri qarşısında çıxışı zamanı bəyan edib.
“Buna görə də Ermənistan rəhbərliyinin şəxsi maraqları kənara qoyaraq siyasi müdriklik nümayiş etdirməsinin zamanı çoxdan yetişib”, - deyə baş konsulluğun mətbuat xidmətindən N.Ağayevə istinadən bildirilib.
Diplomatın sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz kimi mürəkkəb bir bölgədə ABŞ-ın etibarlı tərəfdaşıdır və strateji əməkdaşlıq qarşılıqlı maraqlara əsaslanır. O qeyd edib ki, Azərbaycanın enerji siyasəti respublikanın hərtərəfli inkişafını təmin edir, regionda və dünyada mövqelərini gücləndirir.