Azərbaycanda Amerika Ticarət Palatasının (“AMCHAM Azerbaijan”) üzvləri yeni prezident və Direktorlar Şurasının üzvlərini seçiblər. Bu barədə Palatadan məlumat verilib.
Bu barədə qərar ümumi illik iclasda qəbul edilib.
“Ernst & Young” şirkətinin Azərbaycandaki idarəedici tərəfdaşı İlqar Vəliyev “AMCHAM Azerbaijan”-ın yeni prezidenti seçilib.
Azərbaycan dövlət iqtisad universitetini fərqlənmə diplomu ilə bitirən İ.Vəliyev, 1994-cü ilin avqustunda “Ernst & Young” şirkətində çalışmağa başlayıb. 2007-ci ilin yayında İ.Vəliyev beynəlxalq auditor firmasından tərəfdaş vəzifəsi təklifi almış ilk azərbaycanlı olub.
İ.Vəliyev 2007-ci ilin mart ayından Amerika Ticarət Palatasının Direktorlar Şurasının fəal üzvüdür. Bu müddət ərzində Vəliyev AMCHAM-da bir sıra rəhbər vəzifələr tutub: 2009-cu ilin aprelindən vitse-prezident, 2010-cü ilin noyabrından - birinci vitse-prezident. 2012-ci ilin dekabr ayından etibarən, İlqar Vəliyev Amerika ticarət palatasının prezidenti səlahiyyətlərinin icraçısı qismində çıxış edib.
“AMCHAM Azerbaijan”-ın Direktorlar Şurasına yeni seçilmiş üzvlər - KPMG Azərbaycandakı idarəedici tərəfdaşı Vüqar Əliyev, “Golden Pay” şirkətinin təsisçisi və baş direktoru Fərid İsmayılzadə, “Baker & McKenzie-CIS Limited” şirkətinin tərəfdaşı Gündüz Kərimov, “Azerfon” (“Nar Mobile” ticarət nişanı) şirkətinin baş direktoru Kent Makneli, BP şirkətinin Azərbaycanda əməliyyatlar üzrə vitse-prezidenti Mark Cey-Tomas, “Chevron” şirkətinin Azərbaycandakı regional meneceri Erik Uolker və şuranın hazırkı üzvləri – “PwC” şirkətinin Azərbaycandakı idarəedici tərəfdaşı Mövlan Paşayev, “Societe Generale”-ın Azərbaycandakı nümayəndəliyinin başçısı Teybə Quliyeva və “Deloitte” şirkətinin Azərbaycandakı idarəedici tərəfdaşı Nuran Kərimov.