SOCAR Supsa limanından Bakı-Supsa neft kəməri ilə nəql edilmiş 560,936 min ton Azərbaycan nefti ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Şirkətin məlumatına görə, ixracın həcmi 2012-ci ilin analoji dövrünün göstəricisindən 17,6% çoxdur.
2013-cü ilin fevral ayında SOCAR Supsa limanından 318,596 min ton Azərbaycan nefti yola salıb.
Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsi haqqında müqavilə çərçivəsində inşa edilib.