Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2013-cü il martın əvvəlinə Azərbaycanda 4 mln. 716,3 min qadın, yaşayır ki, bu da əhalinin ümumi sayının 50,3%-ni təşkil edir.
Qadınların 57,3 %-i nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 23 uşaq gətirir. Ötən il doğulmuş 174,5 min körpənin 46,4 %-ini qızlar təşkil edib.
Hazırda ölkədə 24 doğum evi, 176 qadın məsləhətxanası, 281 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur .
Qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,3 yaş yüksək olaraq 76,6 yaşa bərabərdir.
Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,4 %-dir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,3 %-i, orta ixtisas təhsil müəssisələrində 77,4%-i, ali təhsil müəssisələrində 49%-i, həkimlərin isə 63,9 %-i qadınlardır.
Doktorantların 30,8 %-ni, bütün elmi işçilərin isə 53,6 %-ni qadınlar təşkil edir.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28%, sahibkarlar arasında isə 17%-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,8 %-i qadınlardır.
Milli Məclisdə qadın millət vəkillərinin sayı əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni , 2000-ci ildə 10,7 %-ni qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 16 % çatmışdır.
Nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artıb. Belə ki, 2005-ci ildə onların sayı 2285 nəfər olduğu halda, 2012-ci ildə 7411 nəfərə çatmışdır.
“Beləliklə, Azərbaycan qadınları cəmiyyətimizin tam hüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edirlər”,- deyə Dövlət Statistika Komitəsi 8 Mart Beynəlxalq Qadınlar bayramı ərəfəsində bildirib.