Xorvatiyanın “Koncar-Elektrical Industries Inc” şirkəti Azərbaycana elektrik avadanlıqlarının tədarükünü təşkil etməyi planlaşdırır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) məlumatında deyilir.
"Xorvatiya şirkəti Azərbaycana su elektrik stansiyaları, külək elektrik stansiyaları, elektrik generatorları və mühərrikləri üçün avadanlıq tədarükündə maraqlıdır. Bundan başqa, “Koncar-Elektrical Industries Inc” bu avadanlıqlara texniki xidmət göstərməyə hazırdır", - deyə məlumatda qeyd edilir.
Bununla əlaqədar olaraq şirkət Azərbaycan şirkətləri ilə əməkdaşlıq qurmağa ümid edir.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.