Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) və Azərbaycan Hüquqşunasları Konfederasiyası (AHK) arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə ASAN-ın mətbuat xidmətindən məlumat verilib.
Agentliyin sədri İnam Kərimov və AHK-nın sədri Əli Hüseynli tərəfindən imzalanmış memorandum birgə fəaliyyətin təşkilini, həyata keçirilən xidmətlərin keyfiyyətinin artırılmasını və deyilən sahədə vətəndaş iştirakçılığının təmin edilməsini, qarşılıqlı şəkildə layihə, konfrans, seminar və müzakirələrin təşkilini nəzərdə tutur. Sənəddə, həmçinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcək könüllülərin hazırlanması və mərkəzlərə cəlb edilməsi və innovasiyaların tətbiqi sahəsində illik müsabiqənin təşkili və həyata keçirilməsi də öz əksini tapıb.
ASAN 2012-ci ilin sonunda fəaliyyətə başlayıb və əhaliyə Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsinin fəaliyyətinə aid olan 23 növ hüquqi xidmət göstərir.