Bakıda fəaliyyət göstərən şadlıq evləri 2012-ci ildə dövlət büdcəsinə 12,3 mln. manat məbləğində vergi ödəyib ki, bu da 2011-ci ilin göstəricisindən 1,7% çoxdur. Bu barədə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəhbəri Habil Məmmədov məlumat verib.
"Son üç il ərzində biz Bakıda fəaliyyət göstərən şadlıq evləri tərəfindən vergi ödənişlərinin sabit artımını müşahidə edirik. 2010-cu ildə şadlıq evləri 3,543 mln. manat, 2011-ci ildə 12,09 mln. manat, 2012-ci ildə 12,3 mln. manat vergi ödəyib", - deyə H.Məmmədov çərşənbə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Departament 2013-cü ildə şadlıq evləri tərəfindən dövlət büdcəsinə vergi ödənişlərinin artacağını gözləyir.
H.Məmmədov vurğulayıb ki, Departament Bakı bazarları və ticarət mərkəzlərində nəzarət-kassa aparatlarının quraşdırılmasını fəal şəkildə həyata keçirir. "Bakıda 98 bazar və ticarət mərkəzi fəaliyyət göstərir ki, burada da 12,073 min nəzarət-kassa aparatı quraşdırılıb. Həmçinin "Binə" Ticarət Mərkəzində fəaliyyət göstərən obyektlərdə 4,575 min, "Sədərək" Ticarət Mərkəzində isə 2,792 min nəzarət-kassa aparatı quraşdırılıb”, - deyə H.Məmmədov əlavə edib.
Çərşənbə günü Vergilər Nazirliyi Vergi Auditi Departamentində "açıq qapı günü" təşkil edib. Bununla əlaqədar olaraq KİV-ə Departamentin, o cümlədən müxtəlif şöbələrin iş şəraiti haqqında məlumat verilib.