Ölkənin imicinin dəyişdirilməsinin əsasında təhsil, elm və texnologiya dayanır. Böyük Britaniyanın York Universitetinin professoru Qərib Mürşüdov İnterfaks- Azərbaycan” agentliyinə müsahibəsində belə bildirib.
“Düşünürəm ki, gənc nəsil bunun öhdəsindən gələ bilər.Lakin, Azərbaycanın özündə bəzi işlər görülməlidir.Bu həqiqətdir ki, xaricdə işləyən azərbaycanlı mütəxəssislərin sayı çox deyil.Mənim fikrimcə, bu Azərbaycanın özündəki təhsil problemləri ilə əlaqədardır”,- deyə o söyləyib.
Professorun fikrincə maliyyə problemlərinə görə, eləcə də elm sahəsində 20 illik durğunluq səbəbi ilə gəncləri elmə cəlb etmək çox çətindir.
“Bu gün Azərbaycan iqtisadi baxımdan sürətlə inkişaf edir və maliyyə məsələlərini həll etmək imkanı mövcuddur.Lakin sağlam elmi mühitin yaradılması çətin işdir: dünya səviyyəli mütəxəssislər hazırlanmalıdır.Təəccüblü deyil ki, dövlətin nüfuzu elm və texnikanın inkişafı ilə sıx bağlıdır”,- deyə alim bildirib.
“Elmlə məğul olan insanlar Azərbaycanı kifayət qədər tanıyırlar, lakin adi vətəndaşların ölkəmiz barəsində məlumatı azdır.Əvvəllər britaniyalıların Azərbaycan barədə sualları məni təəccübləndirirdi, amma mən verilən suallara əsaslı cavablar verməyə çalışardım”,- deyə o əlavə edib.
Onun sözlərinə görə bir neçə il sonra Azərbaycan barədə məlumatlar daha geniş yayılmağa başladı. Buna beynəlxalq səviyyəliu tədbirlər, o cümlədən ötən ilin may ayında Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsi də kömək etdi.
“ Hesab edirəm ki, Azərbaycanın paytaxtında keçirilən Beynəlxalq Humanitar Forum ziyalıların Azərbaycan barəsində daha çox məlumatlanmasına kömək edəcək.(Q.Mürşüdov Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olub-red.)”.- deyə vurğulayıb.
Müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış olmaq olar.