Martın 16-da Bakı Caz Mərkəzində tanınmış bəstəkar və pianoçu, caz-muğam istiqamətinin banisi Vaqif Mustafazadənin xatirəsinə həsr olunan gecə keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzdən məlumat verilib.
Martın 16-da əfsanəvi musiqiçinin ad günündə etno-caz konserti keçiriləcək. Konsertin proqramına Əfqan Rəsul, Gennadiy Qasiyev və Tofiq Cabbarovun ifasında əsərlər daxil olacaq.
Mərkəzdə qeyd ediblər ki, konsert 10-19 mart tarixində Bakıda keçirilən Beynəlxalq Muğam Festivalı çərçivəsində keçiriləcək.
Bakıda hər il Vaqif Mustafazadənin xatirəsinə həsr olunan müxtəlif tədbirlər, konsertlər, sərgilər təşkil olunur.
V.Mustafazadə - Azərbaycanın musiqi tarixində ən məşhur və müvəffəqiyyətli caz ifaçısı, cazda yeni istiqamətin – caz-muğamın yaradıcısı 1940-cı il martın 16-da Bakıda anadan olub. Musiqiçi bir çox beynəlxalq festivallar laureatı olub. V.Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qızına həsr etdiyi “Əzizəni gözləyərəkən” kompozisiyasını ifa edərkən səhnədə ürək tutmasından vəfat edib.