Gəncədə "Regional inkişaf: Strateji hədəflər və perspektivlər" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Tədbirdə Azərbaycan və Türkiyə tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və başqaları iştirak ediblər.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev rayonlarda yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini, məşğulluğun səviyyəsinin artdığını bildirib.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, Azərbaycandakı genişmiqyaslı inkişaf və quruculuq proseslərinə xarici tərəfdaşlar tərəfindən böyük maraq göstərilir. “Azərbaycan Türkiyənin müxtəlif dövlət qurumları ilə iqtisadi, regional, sahibkarlığın inkişafı və s. sahələrdə əməkdaşlıq edir”, - deyə o vurğulayıb.
Türkiyənin inkişaf nazirinin müavini Mehmed Ceylan Azərbaycanın sosial-iqtisadi inkişafını yüksək qiymətləndirib.
Konfrans çərçivəsində Türkiyə nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib və regional inkişaf sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb, bu istiqamətdə beynəlxalq təcrübənin, o cümlədən Türkiyə təcrübəsinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.
Türkiyəli qonaqlar Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən bir sıra istehsal və emal müəssisələrinin fəaliyyəti ilə tanış olublar.