Azərbaycan və ABŞ ortaq dəyərlərə əsaslanan strateji tərəfdaşlıq münasibətlərini gücləndirməlidir. Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov Kaliforniya Senatında çıxışı zamanı bəyan edib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun mətbuat xidmətindən verilən məlumata görə, S.Seyidov çıxışında Kaliforniya qanunvericilərinə iki ölkənin beynəlxalq terrorçuluğa qarşı, eləcə də İraq və Əfqanıstanda sülh və sabitliyin qorunması uğrunda birgə mübarizəsindən bəhs edib. Deputatın sözlərinə görə, dini və etnik dözümlülük Azərbaycanda həyat normasına çevrilib və ölkədə sinaqoq və kilsələr sərbəst fəaliyyət göstərir.
Öz növbəsində, Kaliforniya Senatının respublikaçılar fraksiyasının rəhbəri Bob Haff müsəlman dünyasında ilk parlament demokratiyasının məhz Azərbaycanda yarandığını bildirib. Senatorun sözlərinə görə, bu gün Azərbaycan qlobal və regional problemlərin həllində ABŞ-ın etibarlı müttəfiqidir.
Martın 11-də Kaliforniya Senatında olmuş Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin bir neçə deputatı, eləcə də Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov daxil olub.