Azərbaycan və Xorvatiya arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Belə ki, Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri zamanı martın 11-də ölkələr arasında münasibətlərin möhkəmləndirilməsi və davamlı inkişafın təmin edilməsi məqsədi ilə 5 sənəd imzalanıb.
"Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Xorvatiyanın Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Xorvatiyanın turizm naziri Velko Ostoyiç imzalayıblar.
Nazirlikdən bildirilib ki, sənəd gələcəkdə iki dövlət arasında turizm sahəsində əməkdaşlığın genişlənməsində böyük rol oynayacaq.