Azərbaycan hakimiyyəti daxili və xarici qüvvələrə Azərbaycan Ordusunda az təsadüf edilən hallardan istifadə edərək ölkədə sabitliyi pozmağa imkan verməyəcək. Bu barədə daxili işlər naziri Ramil Usubov bəyan edib.
“Azərbaycanda daxili sabitlik pozulmayıb və pozula bilməz. Çünki ölkənin Prezidenti İlham Əliyevin siyasəti əhalinin əksər hissəsi tərəfindən dəstəklənir”, - deyə nazir çərşənbə axşamı Daxili Qoşunların yaradılmasının 21-ci ildönümü ilə əlaqədar şəxsi heyət qarşısında çıxışında bildirib.
“Bu gün əsgər və zabitlər arasında uğursuz nifaq salmaq cəhdləri baş verir. Bu yalnız düşmənlərimizə lazımdır”, - deyə o qeyd edib. R.Usubovun sözlərinə görə, bu güvvələr həm xarici, “həm də onların yerli əlaltılarıdır”.
Əsgər ölümləri ilə əlaqədar Bakıda keçirilən razılaşdırılmamış etiraz aksiyalarına toxunaraq nazir vurğulayıb ki, intihar hadisələri və digər insidentlər dünyanın istənilən ordusunda baş verir. “Lakin heç kəsə orduya qarşı çirkin siyasət yürütmək hüququ verilməyib. Azərbaycan xalqı bu cür hərəkətləri pisləyir”, - deyə o bildirib.
R.Usubov bəyan edib ki, Azərbaycanda elə bir zabit yoxdur ki, orduda itkilərə görə təəssüf hissi keçirməsin. “Bu məsələnin siyasiləşdirilməsi cəhdləri mövcuddur. Azərbaycan xalqı bunu çox yaxşı anlayır”, - deyə o qeyd edib.