Ermənistanın öz qoşunlarını Dağlıq Qarabağdan çıxarması bu ölkənin regional layihələrə cəlb edilməsinə şərait yaradacaq. Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Ohayo ştatının Toledo Universitetində çıxışı zamanı bəyan edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, universitetin professor-tələbə heyəti qarşısında çıxış edən E.Süleymanov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunun hərtərəfli inkişafında əsas maneədir. Diplomatın sözlərinə görə, Ermənistan hakimiyyətinin münaqişənin nizamlanmasında tutduğu qeyri-konstruktiv mövqe həm dövlətin regional inteqrasiya proseslərindən kənar qalması, həm də erməni xalqının yaşayışının günü-gündən pisləşməsi ilə nəticələnir.
O qeyd edib ki, Ermənistan işğalçılıq siyasətinə son qoyduqdan sonra regional inteqrasiya proseslərinə cəlb oluna bilər.
E.Süleymanov Toledo Universitetini bitirmiş ilk azərbaycanlıdır.
Toledoya səfəri çərçivəsində səfir, həmçinin şəhər meri Maykl Belle ilə də görüşüb.