Azərbaycan İpoteka Fondu (AİF) bir sıra xidmətlər almaq üçün sığorta şirkəti seçmək üçün təkliflər sorğusu elan edib.Bu barədə “İnterfask Azərbaycan” agentliyinə AİF-dən məlumat verilib.
AİF fondun balansında olan avtomobillərin sığortasını; fondun inzibati binasının və əmlakının sığortasını; fondun işçilərinin könüllü tibbi sığortasını planlaşdırır.
Sığorta şirkətlərinin təklifləri aprelin 9-na qədər qəbul ediləcək.Təkliflər aprelin 10-da qiymətləndiriləcək.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 27 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
2012-ci ildə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 74,77 mln. manat təşkil edib.