Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə din xadimlərini fəaliyyətlərində qabaqcıl texnologiyalardan istifadə etməyə çağırıb.
“Bir çox din xadimləri bu günkü reallıqdan və elmi texniki tərəqqidən geri qalırlar.Sıravi dindarların informasiya texnologiyaları barədə bəzi axundlarımızdan daha çox məlumatı var”,- deyə QMİ sədri çərşənbə günü Bakıda Dini Araşdırmalar Mərkəzi tərəfindən çap olunan “Axund və imamlar üçün xütbə nümunələri” adlı kitabın təqdimatı zamanı bildirib.
A.Paşazadə söyləyib ki,QMİ-yə məscidlərdə oxunan moizə və xütbələrlə, onların 15-20 dəfə təkrar səsləndirilməsi ilə əlaqədar şikayətlər daxil olur.
QMİ sədri bildirib ki, sözügedən kitabın hazırlanmasında sünni və şiə mənbələrindən istifadə olunub..
O həmçinin, dini biliklərin gənc nəslə düzgün formada çatdırılması üçün gənclərlə iş aparmağın vacibliyini vurğulayıb.
“Biz QMİ-nin bu kitabı buraxmaqla əlaqədar təşəbbüsünü dəstəkləyirik, çünki kitabda həm dini, həm də ictimai baxımdan əhəmiyyət daşıyan möizə və xütbələrə dair tövsiyələr verilib”,- deyə təqdimatda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib.
Xütbələrin əhəmiyyətini qeyd edən E.İskəndərov söyləyib ki, hər cümə ölkə məscidlərində çoxlu insan toplaşır.”Araşdırmalara əsasən hər cümə məscidlərdə on minlərlə, bayram günlərində isə yüz minlərlə insan cəm olur.Kütləvilik baxımından heç bir ictimai təşkilatın belə auditoriyası yoxdur.Buna görə, din xadimlərinin üzərinə böyük məsuliyyət düşür”,- deyə o əlavə edib.
Komitə sədri kitabda vətənpərvərlik mövzusuna geniş yer ayrılmasına da diqqət çəkib.