Azərbaycan Prezidenti İlham Əliyev fövqəladə halların aradan qaldırılması sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin vacib olduğunu bildirib.Bu barədə rəsmi KİV məlumat verir.
İlham Əliyev “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda Qəbələdə keçirilmiş Beynəlxalq konfransın iştirakçılarını qəbul edərkən onlara son illərdə Azərbaycanda baş vermiş sel, zəlzələ kimi təbii fəlakətlərin yaratdığı nəticələrin FHN- tərəfindən operativ şəkildə aradan qaldırılması barədə danışıb.
Prezident son illər bir sıra ölkələrdə baş vermiş fövqəladə hadisələr zamanı xilasetmə, bərpa və yardım işlərində Azərbaycanın yaxından iştirak etdiyini diqqətə çatdırdı.
Həmin gün konfrans iştirakçıları genişmiqyaslı “Xəızər-2013” taktiki təlimi müşahidə ediblər. Yer, hava və dəniz komponentləri üzrə keçirilən təlimdə FHN əməkdaşları tərəfindən şərti olaraq Bakı ətrafında zəlzələ bölgəsində müxtəlif xilasetmə və yanğınsöndürmə epizodları icra olunub.
Təlim zamanı rabitə əlaqəsinin yaradılması, lazımi məlumatların toplanması və Aviasiya Təhlükəsizliyi,, Aviasiya Təhlükəsizliyi Xidmətinin və FHN Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX), o cümlədən digər xidmətlərin qüvvə və vasitələri müəyyən olunmuş hazırlıq vəziyyətinə gətirilməsi, helikopterlərlə əraziyə desant yerləşdirilməsi, xilasetmə, təxliyə əməliyyatının və yanğınsöndürmənin təşkili həyata keçirilib.
Təlimin sonunda FHN-in texnikalarının keçidi olub.
Təlimi Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleibi, bu təşkilatın təşəbbüsü ilə Azərbaycanda keçirilən beynəlxalq konfransda iştirak edən müxtəlif ölkələrin fövqəladə hallar nazirləri və müvafiq qurumlarının nümayəndələri, Azərbaycandakı diplomatik korpusun təmsilçiləri, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, səhiyyə naziri Oqtay Şirəliyev, Azərbaycan Silahlı Qüvvələrinin, Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabit heyəti izləyib.
“Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda Beynəlxalq konfransın işində 54 ölkədən 155 nümayəndə iştirak edib.