Ruminiya ölkə iqtisadiyyatının müxtəlif sahələrində Azərbaycanm şirkətlərinin investiyalarına maraq göstərir. Rumıniyanın milli maraq kəsb edən infrastruktur layihələri və xarici investisiyalar üzrə xüsusi naziri Dan Şovan cümə axşamı Bakıda Azərbaycan- Rumıniya biznes –forumunda çıxışı zamanı belə deyib.
“Biz Azərbaycan müəssisələri ilə əməkdaşlığa maraq göstəririk və istəyirik ki, onlar biznesi inkişaf etdirmək üçün ölkəmizə gəlsinlər.Xüsusilə, Azərbaycanda magistral avtomobil yollarının tikintisi üzrə böyük təcrübə toplamış bir neçə şirkət var ki, biz onları ölkəmizdə görmək istərdik”,- deyə D.Şovan bildirib.
Onun sözlərinə görə, Rumıniya həmçinin, Azərbaycan şirkətlərtinin energetika, ASK və infrastruktur layihələrinin reallaşdırılmasında iştirakına maraq göstərir.
“Mən artıq Azərbaycanın Rumıniyadakı səfirliyində 15 layihənin təqdimatını keçirmişəm.Tezliklə bir neçə layihə də təqdim olunacaq”,- deyə rumıniyalı nazir əlavə edib.
O söyləyib ki, SOCAR şirkəti Rumıniyada aktiv fəaliyyət göstərir. “Amma bz bu faəlliyyətin daha da genişləndirilməsini istəyirik”.
“Bakıya indiki səfərimiz çərçivəində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşdə AGRI (Azerbaijan-Georgia-Romanian Interconnector – Azərbaycanın maye qazının Gürcüstan vasitəsi ilə Avropaya nəqli-İF-Az) və Nabucco-west qaz kəməri layihələrini müzakirə etdik .İ.Əliyev bildirdi ki, Nabucco-west layihəsi Azərbaycan tərfindən öyrənilməkdədir”,- deyə D.Şovan vurğulayıb.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev öz növbəsində bildirib ki, iki ölkə arasındakı siyasi münasibətlər yüksək səviyyədədir.
“Azərbaycan və Rumıniya arasında 50-dən artıq saziş bağlanıb.Bizim iqtisadi əlaqələrimiz siyasi münasibətlərimizin səviyyəsinə yüksəltmək lazımdır.2012-ci ilin yekunlarına əsasən 2011-ci illə müqayisədə qarşlıqlı mal dövriyyəsinin həcmi 23% artıb.Lakin, bu göstəricinin yüksəliş potensialı çox böyükdür”,- deyə Ş.Mustafayev qeyd edib.
O deyib ki, hazırda Azərbaycanda sənaye, ticarət, tikinti, xidmət sahələrində 8 Rumıniya şirkəti fəaliyyət göstərir. Həmçinin, Rumıniyada da daşınmaz əmlak, tikinti, ticarət, nəqliyyat, hasilat və emal sənayesi sahələrində 49 Azərbaycan şirkəti mövcuddur.
“Bu günə qədər Azərbayan-Rumıniya münasibətlərinin genişləndirilməsi üçün Hökumətlərarası komissiyanın 4 iclası keçirilib.Yaxın vaxtlarda Buxarestdə komissyanın növbəti iclası keçiriləcək.Bundan başqa, bu gün Azərbaycan- Rumıniya ticarət-sənaye palatasının açılışı olacaq.Bu palata ikitərəfli əməkdaşlığın genişlənməsinə kömək edəcək”,- deyə nazir bildirib.
Biznes forumun işində sənaye, İKT, maliyyə, energetika, nəqliyyat, tikinti, mədən sənayesi, istehsal, vakuum texnologiyaları və s. sahələrdə fəaliyyət göstərən 30 Rumıniya şirkətinin nümayəndələri, eləcə də 100 azərbaycanlı sahibkar iştirak edib.