“Paşa Bank”ın 2013-cü il üzrə aktivləri 850-900 mln. manata çata bilər. Bu barədə bankın baş maliyyə inzibatçısı Şahin Məmmədov 2012-ci il ərzində fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Bizim proqnozlarımıza əsasən, 2013-cü il ərzində fəaliyyətin yekunları üzrə bankın aktivləri 850-900 mln. manata çata bilər", - deyə Ş.Məmmədov qeyd edib.
Bankın nümayəndəsi, həmçinin kredit portfelinin 30% artacağını proqnozlaşdırır, bu zaman bankın xalis mənfəəti 16 mln. manata çatacaq. "Bizim başlıca vəzifəmiz əsas maliyyə göstəricilərini 2012-ci il ərzində nail olunmuş göstəricilər səviyyəsində saxlamaqdır", - deyə o əlavə edib.
“Paşa Bank”ın İdarə Heyətinin sədri Fərid Axundov bildirib ki, bank Türkiyə bazarını öyrənir. "Biz Türkiyə bazarında iştirakda maraqlıyıq və buna görə də onu təhlil edirik. Orada bizim müştərilərimiz fəaliyyət göstərir və biz onları maliyyələşdirməkdə davam edirik", - deyə o vurğulayıb.
Törəmə “Paşa Bank-Georgia” haqqında danışan F.Axundov qeyd edib ki, bu bankın inkişaf strategiyasına bəzi dəyişikliklər ediləcək. "Bütovlükdə, biz strukturun uğurlu fəaliyyətini proqnozlaşdırırıq. Amma onun Gürcüstan bazarında yeni olması ilə əlaqədar nə isə proqnozlaşdırmaq hələ tezdir", - deyə F.Axundov əlavə edib.
O, həmçinin deyib ki, İsveçrədə törəmə strukturların açılması ilə bağlı planlar dəyişməyib.
Daxili bazarda filial şəbəkəsinin genişləndirilməsi məsələsinə gəlincə, İdarə Heyətinin sədri nəzərə çatdırıb ki, bu il Gəncə və Zaqatalada bankın biznes mərkəzləri açılacaq. "Gələn il biz Lənkəranda və Quba-Qusar regionunda da biznes mərkəzləri açmaq niyyətindəyik", - deyə o bildirib.
“Paşa Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb. Bankın səhmdarları iki hüquqi və bir fiziki şəxsdir. Bank “Paşa Holdinq”in strukturuna daxildir. Nizamnamə kapitalı 157 mln. manata bərabərdir.