Müxtəlif ölkələrdə baş verən hadisələrdən ruhlanan Azərbaycan müxalifəti həmin üsulları ölkədə tətbiq edə bilməyəcək. Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bəyan edib.
“Qəti şəkildə deyə bilərəm ki, həm də son illər müxtəlif ölkələrdə baş verən hadisələrdən ruhlanan dağıdıcı müxalifət Azərbaycanda belə yollara əl atmağa çalışır. Ancaq onlar bu cəhdlərin heç vaxt nəticə verə bilməyəcəyinə əmin ola bilərlər”, - deyə R.Mehdiyev “AzərTAc” agentliyinə verdiyi müsahibədə bildirib.
“Hüquq mühafizə orqanlarının başlıca vəzifələrindən biri məhz cəmiyyətdə nizam-intizamı təmin etmək, “icazəsiz tamaşa azarkeşləri”nin antisosial məqsədlərinin həyata keçirilməsinə imkan verməməkdən ibarətdir”, - deyə o vurğulayıb.
R.Mehdiyevin sözlərinə görə, müxalifətin fəaliyyəti mövsümi xarakter daşıyan, “Azərbaycanda heç bir sosial bazası olmayan siyasi qrupların cəmiyyətə deməyə sözü yoxdur”. Bununla yanaşı, Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, İsmayıllı rayonunda baş vermiş məişət xarakterli hadisə “bir daha təsdiq etdi ki, Azərbaycanda bəzi siyasi qruplar mahiyyət etibarilə dağıdıcılıq fəaliyyəti göstərir, insanlar arasında süni narazılıq yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa, dövlət məmurlarına şər atmağa, onları şantaj etməyə və hörmətdən salmağa, hakimiyyət strukturları və vəzifəli şəxslər arasında qarşıdurmalar yaratmağa, rəsmi orqanların fəaliyyətinə qara yaxmağa cəhdlər göstərirlər”.
R.Mehdiyev qeyd edib ki, Azərbaycan müxalifəti radikal, siyasiləşdirilmiş dini qruplara müraciət edərək onları tərəfdaşları seçib. “Qeyd etməyi vacib bilirəm ki, cəmiyyət, Azərbaycan ictimaiyyəti əsassız şəkildə onun adından çıxış etməyə çalışan müxalif qrupların, özlərini “ziyalı” adlandıranların Əkrəm Əylislinin mənfur “Daş yuxular” əsəri ilə bağlı xəyanətə bərabər mövqeyini gördü və bir daha bunların hansı məzhəbə qulluq etdiklərinə əmin oldu. Hakimiyyətə iddialı olan, özünü iqtidara opponent hesab edən dağıdıcı müxalifət, yüksək ziyalı adından sui-istifadə edənlər ümummilli məsələlərdə də xalqın tərəfində yox, onun iradəsinə zidd mövqedə durdular və əsl simalarını açıq nümayiş etdirdilər. Çox təəssüf ki, cəmiyyətimizdə belələrinə hələ ki, yer tapılır. Ancaq ictimaiyyətimiz, vətəndaşlarımız, əsl ziyalılarımız, gənclərimiz həm Əkrəm Əylisli kimilərinin, həm də onun havadarlarının əməllərini görür və öz qəti mövqelərini ortaya qoyurlar”, - deyə o bildirib.
R.Mehdiyevin sözlərinə görə, müxalif qruplar həm də gəncləri çaşdırmağa, onlardan vasitə kimi istifadə etməyə çalışırlar. “Bununla bağlı bildirmək istərdim ki, Facebook sosial şəbəkəsində ölkə həyatında baş vermiş ayrı-ayrı hadisələrə dair təxribat xarakterli çağırış edənlərin mövqeyi ictimai rəyi əks etdirmir. Ayrı-ayrı gənclərin emosiyalarının məhsulu olan, əsasən satqın-radikal müxalifət tərəfindən dəstəklənən və qızışdırılan sosial şəbəkələrdəki bu çağırışlar qanunla qorunan ictimai asayişi pozmaq üçün bəhanə ola bilməz. Lakin planlaşdırılan cinayətin üstünün bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi və Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində açılması əyani şəkildə göstərdi ki, ictimai sabitliyi pozmaq istəyən qruplar sadəcə çağırışlar etmirlər. Bu, kifayət qədər narahatedici məsələdir. Çünki “Molotov kokteyli”, narkotik vasitələr, külli miqdarda pul vəsaiti bu niyyətin kifayət qədər ciddi olduğunu açıq-aydın göstərir”, - deyə o vurğulayıb.
Prezident Administrasiyasının rəhbəri heç bir yerdə işləməyən gənclərdə bu qədər narkotik vasitənin, pulun haradan olduğu faktının istintaq tərəfindən aydınlıq gətirəcəyinə ümid edir.
“Bu xüsusda xatırlatmaq istərdim ki, 2011-ci ildə əsasən gənclərdən ibarət kütlələr sosial narazılıq zəminində Böyük Britaniyada iğtişaşlar törətdilər. Hakimiyyət, hüquq mühafizə orqanları repressiv metodlardan istifadə etməklə 2 minə yaxın adamı saxladı, iğtişaşların təşkilatçıları olan gənclər məhkum olundu, internetə çıxış, Facebook, Twitter kimi sosial şəbəkələrə giriş məhdudlaşdırıldı. Əlbəttə, burada Azərbaycanla hər hansı paralel aparmaq düzgün olmazdı, çünki ölkəmizdə belə hallar üçün heç bir zəmin yoxdur. Ancaq hesab edirəm ki, ölkəmizlə bağlı davamlı şəkildə əsassız və qərəzli iddialar irəli sürən bəzi maraqlı xarici dairələr, təşkilatlar dünyada və Azərbaycanda baş verən hadisələrə adekvat, obyektiv yanaşmalı, ikili standartdan əl çəkməlidirlər”, - deyə R.Mehdiyev qeyd edib.
Gənclər mövzusunu davam etdirərək Prezident Administrasiyasının rəhbəri “ölkənin tam əksəriyyət təşkil edən sağlam gəncliyi indiyə qədər olduğu kimi, bundan sonra da dövlət başçısının yürütdüyü siyasəti dəstəkləyəcək, heç vaxt dağıdıcı qrupların siyasi avantürasının iştirakçısına çevrilməyəcəyinə” əmin olduğunu ifadə edib. “Bu gün sağlam gənclik müxtəlif antimilli qrupların təsiri altına düşmüş həmyaşıdları ilə təmas qurmalı, onları səhv yoldan çəkindirməlidir. Bunun üçün onlar müxtəlif tədbirlərdə, auditoriyalarda, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə disput və müzakirələrdə daha fəal iştirak etməli, öz mövqelərini ortaya qoymalıdırlar. Universitetlərdə tələbə gənclər təşkilatları bu istiqamətdə səylərini artırmalıdırlar”, - deyə o vurğulayıb.