Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara ümumilikdə 66,7 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
2013-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına artıq 519 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin kreditləşdirilməsi 2,1 mindən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək", - deyə məlumatda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
SKMF cümə günü Quba rayonunun II Nüqədi kəndində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» tədbiri təşkil edib. Tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.
Ş.Abdullayev tədbirdə qeyd edib ki, 2011-2013-cü illərdə Quba rayonunda fəaliyyət göstərən sahibkarlara Fondun xətti ilə 1 206 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,1 mln. manat kredit verilib.
"Cümə günü tədbir çərçivəsində 43 sahibkarlıq subyekti 961 min manat güzəştli kredit alıb. Bu kreditlər əsasən bağçılıq, heyvandarlıq, gülçülük, istixana komplekslərinin tikin tisi sahəsində layihələrin reallaşmasına sərf ediləcək”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə ümumilikdə 250 mln. manat məbləğində kredit verməyi planlaşdırır.