Terrorçuluq və ekstremizm təhdidlərinin güclənməsi MDB ölkələrində də müşahidə olunur ki, bu da həmin təzahürlərlə mübarizədə daha təsirli tədbirlərin görülməsini tələb edir. Bu barədə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bəyan edib.
"Bu gün dünyada terrorçuluq, narkotik vasitə və silahların qanunsuz dövriyyəsi, dini ekstremizm getdikcə daha geniş miqyas alır. Bu problem MDB ərazisində də mövcuddur. MDB digər beynəlxalq təşkilatlarla əməkdaşlıqda bu neqativ hallara qarşı mübarizə aparır", - deyə S.Lebedev bazar ertəsi Bakıda keçirilən “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın gedişində bildirib.
"Dövlət başçıları və təşkilatlar səviyyəsində terrorçuluğa qarşı beynəlxalq mübarizəni dəstəkləyən bir sıra sənədlər qəbul olunub. Bununla yanaşı, xüsusi hüquq-müqavilə bazasının yaradılması, eləcə də bu sahədə qanunvericiliyin gücləndirilməsi zəruridir", - deyə S.Lebedev əlavə edib.
O əmin olduğunu bildirib ki, Bakı konfransı terrorçuluğa qarşı mübarizədə birgə səylərin göstərilməsinə şərait yaradacaq.